Yardımlıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb
Yardımlı, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin doqquz ayında Yardımlı rayonunda muzdla işləyənlərin sayı 4140 nəfər təşkil edib. Onlardan 3287 nəfəri iqtisadiyyatın dövlət, 853 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda muzdla işləyənlərin ümumi sayından 1167 nəfəri qadınlar olmaqla 39 nəfəri kənd təsərrüfatı və meşə, 7 nəfəri emal sənayesi, 96 nəfəri elektrik enerjisi, qaz və buxarın istehsalı, 88 nəfəri su təchizatı və tullantılar, 168 nəfəri tikinti, 687 nəfəri topdan və pərakəndə ticarət, 46 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 7 nəfəri yaşayışın təşkili və ictimai iaşə, 70 nəfəri informasiya və rabitə, 13 nəfəri maliyyə və sığorta fəaliyyəti, 75 nəfəri peşə, elm və texniki fəaliyyət, 18 nəfəri inzibati və yardımçı xidmətlərin göstərilməsi, 330 nəfəri dövlət idarəetməsi və müdafiə, 2087 nəfəri təhsil, 392 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 17 nəfəri isə digər sahələrdə çalışır.
Bu dövrdə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən artaraq 477,8 manat təşkil edib.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, elektrik enerjisi, qaz və buxarın istehsalı, təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.