Yardımlıda Vətən müharibəsinin şəhidləri Şamil Mirzəyev və Siruz Şirbəylinin xatirəsi anılıb
Yardımlı, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Mirzəyev və Siruz Şirbəylinin şəhadətlərinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları hər iki şəhidin məzarı önünə gül dəstələri düzərək onların xatirəsini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.
Anım tədbirində çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı böyük Zəfərdən danışıblar.
Qeyd edək ki, Şamil Afiq oğlu Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub. O, 2014-cü ilin aprelində hərbi xidmətə çağırılıb və 2015-ci ilin oktyabrında hərbi xidməti başa vurub. Cəsur döyüşçü Vətən müharibəsində iştirak edərək Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Şamil Mirzəyev “Vətən uğrunda“, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Siruz Hamil oğlu Şirbəyli 1996-cı il fevralın 20-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. O, 2017-ci ildə həqiqi xidmətə yollanıb və xidmətin başa vurduqdan sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq hərbçi kimi xidmətin davam etdirib. Vətən müharibəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.
Siruz Şirbəyli “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.