YASAMAL RAYONUNDA 16 SAYLI DAİRƏ SEÇKİ KOMİSSİYASI ÜÇÜN İNZİBATİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 1993-cü ildən bəri Azərbaycanda demokratik, sivil dövlət quruculuğu istiqamətində görülmüş işləri xatırlatmış, hazırda bu fəaliyyətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. İcra başçısı demişdir ki, bundan əvvəl isə Yasamal rayonunda 15 və 17 saylı seçki dairələri dairə seçki komissiyaları üçün tikilmiş iki yeni inzibati bina istifadəyə verilmişdir.
Mərasimdə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd etmişdir ki, demokratik cəmiyyəti, əsasən, demokratik seçkilər xarakterizə edir. Azərbaycanın zəngin seçki təcrübəsi vardır. 1995-ci ildən başlayaraq keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri və referendum bunu təsdiq edir. Ölkəmizdə seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir, bu siyasi prosesin şəffaflığı təmin olunur.
Natiq dövlətimizin başçısı İlham Əliyevin göstərişinə əsasən aparılmış monitorinqdən sonra dairə seçki komissiyaları üçün xüsusi binaların inşasına başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ölkə üzrə 125 seçki dairəsinin 100-dən çoxu yeni, hər cür şəraiti olan inzibati bina ilə təmin olunmuşdur. Qalan DSK-lar üçün tikilməkdə olan binalar da yaxın vaxtlarda hazır olacaqdır. Eləcə də, Mərkəzi Seçki Komissiyası üçün inşa olunan yeni bina yaxın vaxtlarda təhvil veriləcəkdir.
M.Pənahov, növbəti seçkilər üçün həm hüquqi, həm də maddi-texniki bazanın yaradıldığını vurğulamışdır.
Sonra tədbirdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və başqaları çıxış edərək dairə seçki komissiyasının üzvlərini, bu dairədəki 40 mindən çox seçicini təbrik etmiş, bu ilin payızında keçiriləcək prezident seçkisində də ən layiqli namizədə - dövlətimizin başçısı İlham Əliyevə səs verməyə çağırmışlar.
MSK sədri Məzahir Pənahov və rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev açılışı bildirən rəmzi lenti kəsdikdən sonra yeni binaya baxış olmuşdur.
Burada qonaqlar 5 otaqdan, iclas zalından ibarət yeni inzibati binanın texniki təchizatı ilə maraqlanmışlar.
######
![]() |
![]() |

