Yasamal rayonunda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi qeyd olunub
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib. Bildirib ki, bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Təhlükəsizlik orqanlarının hərbi qulluqçuları 22 ildir bu günü peşə bayramı kimi yüksək səviyyədə qeyd edirlər. Xüsusi xidmət orqanlarının əməkdaşları xalqa və dövlətə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetiriblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlayıb. Ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider həmin illərdə təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nail olub. Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynayıb.
Digər çıxış edənlər Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon idarəsinin əməkdaşlarını təbrik ediblər.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon idarəsinin xidmətdə fərqlənmiş bir qrup əməkdaşı rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.