CƏMİYYƏT
Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb


Bakı, 28 dekabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun sərxoş vəziyyətdə olmasından istifadə edərək mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar.
Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.