İQTİSADİYYAT
Yaxın gələcəkdə vergiödəyicilərinin suallarının avtomatik şəkildə cavablandırılması gözlənilir
![Yaxın gələcəkdə vergiödəyicilərinin suallarının avtomatik şəkildə cavablandırılması gözlənilir](/files/2023/1/1200x630/16763653674567737272_1200x630.jpg)
Bakı, 14 fevral, AZƏRTAC
Vergi sistemində əldə edilmiş nailiyyətləri formalaşdıran meyarlar arasında elektron xidmətlər və innovativ alətlər mühüm yer tutur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, təmassız nəzarət texnologiyaları, elektron audit sistemi, məlumatların onlayn mübadiləsi şəffaflığın və səmərəliliyin artmasına imkan verir. Artıq Dövlət Vergi Xidmət tərəfindən 121 xidmət elektronlaşdırılıb. Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı - vergi uçotuna alınması, vergi bəyannamələrinin təqdim edilməsi və bir sıra digər xidmətlər rəqəmsallaşdırılıb.
Hazırda rəqəmsal inzibatçılıq alətlərindən istifadənin əlçatan olması diqqətdə saxlanılır və mobil tətbiqlər üzərindən xidmətlərə keçid dövrü müşahidə edilir. Yaxın gələcəkdə isə sahibkarlıq fəaliyyətinin daha da şəffaflaşdırılması istiqamətində vergiödəyicilərinin istifadə etdiyi elektron alətlərin daha mütərəqqi və əlçatan formalarının istifadəyə verilməsi, süni intellekt alətlər vasitəsilə sahibkarların -vergiödəyicilərinin suallarının avtomatik şəkildə cavablandırılması gözlənilir.
Həmçinin biznes qeydiyyatının səmərəliliyini daha da artırmaq üçün beynəlxalq standartlara cavab verən, təhlükəsizlik tələblərini təmin edən yeni həllər üzərində işlər aparılır. Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinə dair qanunvericilikdə elektron qeydiyyatla bağlı bu növ imkanların yaradılması nəzərdə tutulub.
Qeyd olunub ki, ümumilikdə vergi sistemində müşahidə olunan dinamika və mütərəqqi yanaşmalar dayanıqlı iqtisadi inkişafa, sosial rifaha, biznes mühitində islahatların sürətləndirilməsinə töhfə verir və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına əsaslı inam yaradır.