“YAXIN VƏ UZAQ TARİX” KİTABI TƏQDİM EDİLMİŞDİR
Göyçay, 14 may (AZƏRTAC). Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan və hazırda Göyçay rayonunda yaşayan tarixçi Aqil Kəngərlinin "Yaxın və uzaq tarix" kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, üç kitabın, dövri mətbuatda dərc olunmuş 500-ə yaxın məqalənin müəllifi olan Aqil Kəngərli "Yaxın və uzaq tarix" kitabında Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesində iştirak edən qədim türk mənşəli tayfalar barədə əsaslı mülahizələrini oxuculara çatdırır. Müəllifə görə, qədim türk mənşəli tayfalar Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdə də yaşamışlar. O, bu mülahizələrini ayrı-ayrı tədqiqatçıların, mütəxəssislərin fikirlərinə əsaslanaraq yürüdür.
Tarixçi Aqil Kəngərli Qərbi Azərbaycan və Naxçıvan torpaqları, qədim türk tayfası olan kəngərlilərin soykökü barədə, eləcə də müxtəlif ərazilərdə məskən salan kəngərlilərin Azərbaycan xalqına bəxş etdiyi tanınmış ziyalılar, elm xadimləri, hərbi sərkərdələr, siyasətçilər, həkimlər haqqında geniş məlumat verir. Uzun illər Azərbaycanda jurnalist kimi çalışmış Aqil Kəngərli kitabında yaşı 5 min il əvvələ gedib çıxan Kəngərli nəslinin son 200 ildəki tanınmış nümayəndələrindən İsmayıl xan Kəngərli, Hüseyn xan Naxçıvanski, Şeyxəli xan Kəngərli, Bəhruz Kəngərli, Məmmədqulu bəy Kəngərli, Məhəmməd Kəngərli haqqında məlumat verərkən AZƏRTAC-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbiri Qulu Kəngərlinin də peşə fəaliyyətini yüksək qiymətləndirmişdir.
Kitabda zaman-zaman Azərbaycan xalqının başına gətirilmiş faciələr və onların səbəbkarlarından söz açılır, Təbriz, Borçalı, Qarabağ, Dərbənd, Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar, İrəvan, Dərəçiçək və digər torpaqlarımız haqqında geniş məlumat verilir. Tarixin qaranlıq məqamlarına işıq salan Aqil Kəngərli 1992-ci ildən bu günədək müxtəlif qə zetlərdə vətənpərvərlik mövzusunda dərc etdirdiyi yazıları, eləcə də, tanınmış tarixçilərdən götürdüyü müsahibələri də yeni kitabına daxil etmişdir.
Nəfis tərtibatlı, 295 səhifəlik "Yaxın və uzaq tarix" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Aqil Kəngərli hazırda Göyçay şəhər 7 nömrəli orta məktəbində tarix müəllimidir.