Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir
Bakı, 23 avqust, AZƏRTAC
Özbəkistanla Azərbaycan arasında çox möhkəm qardaşlıq, dostluq və mədəni bağlar var. İki qardaş ölkə arasında keçirilən mədəni tədbirlərdə iştirak edərkən bu dostluğun və ortaq mədəni irsin necə böyük dəyərə malik olduğunu hər dəfə yaxından hiss edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev deyib.
O bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq ildən-ilə daha da genişlənir və bu istiqamətdə qarşılıqlı mədəni layihələr uğurla həyata keçirilir. Sənətkarın sözlərinə görə, son illərdə hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, Elm və Mədəniyyət Günləri, eləcə də Xivə şəhərində təşkil olunan “Şuşa günləri” kimi layihələr xalqlarımızın ortaq mədəni irsini daha geniş tanıdır, sənət adamları arasında əməkdaşlığı gücləndirir və qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.
Toğrul Əsədullayev qeyd edib ki, bu layihələr iki ölkənin mədəniyyət xadimlərini, musiqiçilərini və yaradıcı kollektivlərini bir araya gətirərək qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir.
“Özbəkistanda keçirilən konsertlərdə, dövlət tədbirlərində və festivallarda dəfələrlə iştirak etmişəm. Bu tədbirlərdə Azərbaycan musiqisinin təqdim olunması, muğamımızın və milli ifaçılıq məktəbimizin böyük maraqla qarşılanması bizim üçün qürurvericidir”, - deyə sənətkar vurğulayıb.
O əlavə edib ki, mədəni əməkdaşlıq təkcə konsert proqramları ilə məhdudlaşmır. Özbəkistanda Azərbaycan musiqiçilərinin iştirakı ilə ustad dərsləri, yaradıcılıq görüşləri və təcrübə mübadiləsi proqramları da təşkil olunur. Bu ustad dərslərində gənc musiqiçilərə muğam, tar, kamança və digər milli musiqi ənənələri öyrədilir, iki ölkənin ifaçılıq məktəbləri arasında peşəkar əlaqələr daha da möhkəmləndirilir.
Toğrul Əsədullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və iki ölkə arasında həyata keçirilən birgə mədəni layihələr qardaş xalqların əlaqələrinin gələcəkdə də uğurla inkişaf edəcəyinə inamı daha da gücləndirir.
Müxbir - Gülay Nəzərova