“Yay məktəbi-2013” layihəsinin iştirakçıları ekologiya mövzusunda məşğələ keçmişlər
Bakı, 2 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “SOCAR yay məktəbi - 2013” layihəsinin iştirakçıları ekologiya və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) mövzusuna həsr olunan məktəbin beşinci günündə
şirkət tərəfindən həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri olan ekoloji parkda olmuşlar.
AZƏRTAC xəbər verir ki, günün əvvəlində ekologiya idarəsinin ekoloji ölçmə və tullantıların idarə olunması departamentinin rəisi Ceyhun Şıxəliyev “ARDNŞ-nin ekoloji layihələri” və “Təbiət elmləri” İctimai Birliyinin üzvü Rövşən Əkbərov “Təbiət və texnologiya” mövzularında təqdimatla çıxış etmişlər.
Növbəti təqdimat isə “Statoil” şirkətinin SƏTƏM üzrə meneceri Shahpour Sotoudehmanesh tərəfindən keçirilmişdir. O, “Statoil” şirkətinin fəaliyyəti və dəyərləri, sağlamlıq, əməyin təşkili və ətraf mühit haqqında ümumi məlumat vermiş, onun əhəmiyyəti, SƏTƏM-in biznesin əsas tərkib hissəsi olduğunu bildirmişdir.
Günün mövzusu ilə əlaqədar olaraq iştirakçılar ekologiya idarəsinin ekoloji parkında olmuşlar. Burada gənclərə ekoloji parkın tarixçəsi, yaradılmasının məqsədi, parkın istehsalat sahələri, təhlükəsizlik qaydaları və infrastrukturu barədə məlumat verilmişdir.
Günün sonunda isə ekologiya idarəsinin rəisi Azər Əliyev və ARDNŞ-nin ekoloji layihələrin idarə olunması şöbəsinin rəisi Rövşən Fətullayev iştirakçılarla görüş keçirmişlər.
Görüş yay məktəbinin iştirakçılarına ARDNŞ-nin ekoloji layihələri haqqında ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırmışdır.
Məktəbin 5-ci gününün qeyri-rəsmi hissəsində isə iştirakçılar üçün maraqlı interaktiv oyun təşkil edilmişdir.