RƏSMİ XRONİKA
YENGİCƏ “İSTİSU” SAĞLAMLIQ VƏ İSTİRAHƏT KOMPLEKSİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qəbələ rayonunun Yengicə kəndində yerləşən “İstisu” sağlamlıq və istirahət kompleksində olmuşlar.
Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2006-cı ildə başlanmış 50 yerlik kompleksdə 21 vanna, müayinə otaqları, yeməkxana, istirahət otaqları vardır.
Avadanlıqla birlikdə dəyəri 2 milyon 200 min manat olan kompleksin ərazisində 80 yerlik beşmərtəbəli yeni korpus da tikilmişdir. Kompleksdə 50 nəfər çalışır.
Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964-68-ci, 1973-77-ci illərdə keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində yoxlanılmış və suyun minerallarla zəngin olduğu təsdiqlənmişdir. Qızdırılmış çay daşları ilə qızdırılan sudan revmatizmin, oynaq və dəri xəstəliklərinin, sümük ağrılarının, osteoxondrozun və sair xəstəliklərin müalicəsi üçün istifadə olunur. Suyun tərkibində natrium, kalium, ammonium, maqnezium, kalsium, xlor, sulfid vardır.
Prezident İlham Əliyevə yeni tikilən 56 yerlik müalicəvi mərkəz barədə də məlumat verildi. Dövlət başçısının ölkəmizdə turizmin inkişafı ilə bağlı Fərmanından sonra tikintisinə başlanmış mərkəzdə vanna otaqları, buxar hamamı, əlillər üçün müalicəvi su hovuzu, masaj otaqları, palçıq vannaları, laboratoriya, müayinə otaqları və sair olacaqdır.
Dövlətimizin başçısı mərkəzin layihəsi ilə tanış oldu, “İstisu”da görülən işləri yüksək qiymətləndirdi və bu kompleksin insanlara şəfa verəcəyini bildirdi.
######