Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin iclası olub
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri iclası açaraq deyib ki, 2015-ci il ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası üçün uğurlu il olub. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ötən il keçirilən seçkilərdə qələbə qazanıb, partiya üzvləri ölkəmizin inkişafında yaxından iştirak ediblər. Siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayansın. Sağlam qüvvələri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının təməlində də ümummilli liderimiz Heydər Əliyevin ideyaları və dövlətçilik konsepsiyası dayanır. Bu gün Ulu Öndərin yolu Yeni Azərbaycan Partiyasının rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ardıcıl sosial islahatlar həyata keçirilir. Ölkəmizdə dövlət-xalq birliyi vardır. Sabitlik, inkişaf və cəmiyyətdə yaradılan sağlam mühit iqtidar partiyası kimi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edir. Ulu öndər Heydər Əliyev də deyirdi ki, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən il Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının say tərkibində artım olub. Belə ki, 2015-ci il yanvarın 1-nə üzvlərin sayı 51 min 179 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 51 min 677 nəfərdir. Ötən ildə 1095 nəfər partiya sıralarına qəbul olunub ki, onların da 835-i, yaxud 76 faizi gənclərdir. Yeni qəbul olunanların 586 nəfərini, yaxud 54 faizini qadınlar təşkil edir. 2015-ci ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 110 müxtəlif tədbir keçirilib. Ötən il 16 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Anar İbrahimov göstərilən diqqət və qayğıya görə partiya üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli tədbirdə çıxış ediblər.
İclasda muxtar respublika gənclərinin özəl bölmədə fəaliyyətə təşviq olunmasının əhəmiyyəti qeyd olunub və bu barədə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İdarə Heyətinin üzvlərinə tapşırıqlar verilib.
İdarə Heyətinin iclasında tapşırıq və tövsiyələrini verən Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali hakimiyyətə qayıdışından sonra partiyamız hakim partiyaya çevrilmişdir. Hakim partiya statusu arxayınçılıq yaratmamalı, məsuliyyətlə çalışmaq üçün stimul olmalıdır. 2016-cı ildə partiyanın şəhər və rayon təşkilatlarının hesabat konfransları keçiriləcəkdir. İcra Katibliyi partiyanın Nizamnaməsinə və muxtar respublika təşkilatının Əsasnaməsinə uyğun olaraq hesabat konfranslarını keçirməlidir. Şəhər və rayon təşkilatları yeni rəhbər strukturlarının - idarə heyəti, şura, qadınlar şurası, gənclər birliyinin formalaşdırılması zamanı nüfuzlu şəxslərin, fəal və əqidəli gənclərin seçilməsinə diqqət etməlidirlər. Konfranslaradək isə ilk partiya təşkilatlarının ərazi sistemi üzrə qurulması işi tam başa çatdırılmalıdır. Şəhər və rayonlarda partiya təşkilatları üçün binalar istifadəyə verilib. Həmçinin kənd mərkəzlərində də ilk partiya təşkilatları üçün nümunəvi iş otaqları yaradılıb. İlk təşkilatların yerləşdiyi yerlər, o cümlədən kənd mərkəzləri siyasi mərkəzlər kimi öz statuslarını möhkəmləndirməlidirlər.
Bildirilib ki, qarşıdakı mərhələdə partiyanın şəhər, rayon və ərazi ilk təşkilatlarının fəaliyyətlərinin bir istiqamətini də ciddi nizam-intizam təşkil etməlidir. İcra katibliyi şəhər və rayon təşkilatlarının fəaliyyətlərinin nəzarətdə saxlanılmasını və həmin təşkilatlara metodiki köməklik göstərilməsini davam etdirməlidir. Partiyanın ideoloji işi o vaxt irəli gedə bilər ki, bunu nəzəri biliklərə malik olan nümunəvi üzvlər aparsınlar. Buna görə özünü partiya işinə həsr edənlər daim mütaliə etməli, öyrənməli, nəzəri biliklərini artırmalıdırlar. Ümummilli lider Heydər Əliyevin nəzəri və siyasi irsi bu biliklərin əsasını təşkil etməlidir. Partiyanın yerli orqanları ilə dövlət hakimiyyəti orqanları arasında əlaqə hələ də istənilən səviyyədə deyil. Bu əlaqələr qarşıdakı dövrdə daha da gücləndirilməlidir.
“Partiya işi müasir dövrün sürətlə yeniləşən tələblərinə uyğun qurulmalı və inkişaf etdirilməlidir”, - deyən Ali Məclisin Sədri qeyd edib ki, partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə işini əlaqələndirməlidir. Biz partiyamızın üzvü olan fəal gənclərə partiyanın gələcəyi kimi baxmalıyıq. Partiyanın rayon və şəhər təşkilatları qadınlar şuraları ilə işin təşkilini də müasir tələblər səviyyəsində qurmalı, qadın üzvlərin və qadınlar şuralarının fəallığı təmin olunmalıdır. Partiyaya yeni qəbul edilmiş üzvlərlə sistemli iş davam etdirilməli, onlara üzvlük vəsiqələrinin təqdimat mərasimləri yaddaqalan olmalıdır. Partiyanın şəhər və rayon təşkilatları gənclərin partiya strukturlarında, xüsusilə partiya təşkilatlarının rəhbər qurumlarında təmsilçiliklərini artırmalıdırlar. Nüfuzlu və istedadlı gəncləri irəli çəkmək, onları partiya kadrı kimi yetişdirmək lazımdır. Bu məqsədlə partiyanın sosial-siyasi cəhətdən fəal gəncləri haqqında məlumat-informasiya bazası yaradılmalıdır.
Ali Məclisin Sədri deyib: 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü tamam olacaqdır. Bununla bağlı partiyanın şəhər və rayon təşkilatları tədbirlər keçirməlidirlər. Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti partiyamızın ilk və fəal siyasi qurumu kimi daim nümunə olmalı, “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olan 2016-cı ildə fəaliyyətini daha da gücləndirməlidir. Cari ildə də siyasi, ideoloji və təşkilati fəaliyyətimiz davam və inkişaf etdirilməlidir. Yeni Azərbaycan Partiyasının rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının beşinci qurultayında dediyi kimi: “...Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir”.