Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında silinməz izlər qoymuşdur
Oğuz, 21 noyabr (AZƏRTAC). Oğuz şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmovun məruzəsində iqtidar partiyasının keçdiyi 21 illik şərəfli yola nəzər salınmış, partiyanın əldə etdiyi uğurlardan söhbət açılmışdır. Bildirilmişdir ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP iyirmi bir illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynamış, ölkənin ictimai-siyasi həyatında silinməz izlər qoymuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya böyük inkişaf yolu keçmişdir. Qeyd olunmuşdur ki, iqtidar partiyasının cəmiyyətdə qazandığı nüfuz möhkəm əsaslara söykənir.
Natiq bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının təsis olunması ölkə tarixinin mühüm səhifələrindən və məqamlarından biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda son dərəcə mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycan dövləti süqutun astanasında idi və müstəqilliyi şübhə altına düşmüşdü. Həmin dövrdə hakimiyyət başında olan səriştəsiz, dövlət idarəçiliyindən uzaq siyasətçilər ölkəyə nəzarəti tamamilə itirmişdilər.
Xalqda belə bir əminlik yaranmışdı ki, hadisələrin bu cür fəlakətli axarının, ölkəmizin məhv olmasının qarşısını yalnız bir nəfər - zəngin dövlətçilik təcrübəsinə malik, xalqını və dövlətini sevən böyük şəxsiyyət Heydər Əliyev ala bilər. Belə bir mürəkkəb və çətin məqamda YAP-ın təsis olunması Azərbaycanın xilasına doğru atılmış ilk və doğru addım idi. Partiyanın təsis olunması və böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin tanınmış ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından mühüm rol oynadı.
Tədbirdə YAP rayon təşkilatı İdarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, partiya veteranı Azad Əliyev və başqaları çıxış edərək partiyanın dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmışlar. Çıxış edənlər YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilməsində Heydər Əliyevin tarixi xidmətlərini xatırlatmış, Ulu Öndərin siyasi xəttinin bu gün partiyanın sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sürətlə inkişaf edən Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutduğunu xüsusi vurğulamışlar.
Yığıncağın sonunda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunmuşdur.