Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının üzvlərinin sayı 10 mini ötüb
Şərur, 25 aprel, AZƏRTAC
Respublika üzrə seçicilərin 86 faizindən çoxunun ölkənin taleyini növbəti dəfə İlham Əliyevə etibar etməsi xalq-hakimiyyət birliyinin sarsılmaz olduğunu bir daha sübut etdi.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tərəfindən səsləndirilib.
Əmir Babayev respublikamızda bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrindən danışaraq qeyd edib ki, ölkəmizdə yüksək səviyyədə təşkil olunan bu siyasi kampaniyada təşkilat üzvləri də fəallıq göstəriblər. Şərur rayonundakı seçicilər seçkilərdə fəallıqları ilə diqqəti cəlb ediblər.
Təşkilat sədri daha sonra Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının 2018-ci ilin birinci rübündə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, iş planına uyğun olaraq idarə heyəti və şura üzvləri fəaliyyətlərini ərazi ilk təşkilatları ilə birgə davam etdirib, yerlərdə sakinlərlə görüşlər keçirib, partiyanın siyasi xəttinin təbliği istiqamətində işlər aparıblar.
Əmir Babayev bildirib ki, Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının tərkibindəki 87 ərazi ilk təşkilatında 10 min 455 partiya üzvü var. Bunların da 3001-i, yəni 28,7 faizini qadınlar, 3013-ü, yəni 28,8 faizini gənclər təşkil edir. Bu ilin üç ayında Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş 50 nəfərin 47-si gənclərdir. Ümumiyyətlə, gənclərin partiya sıralarına qəbulu ildən-ilə artan templə müşayiət olunur ki, bu da onların ölkə rəhbərinin apardığı siyasəti dəstəkləmələrinin, iqtidar partiyasının üzvü olmaqdan qürur duymalarının ifadəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının Zeyvə, Danyeri və Axaməd kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Məhərrəm Rəhimov, Miryəhya Seyidov və Sərxan Quliyev çıxış edərək görülən işlər barədə məlumat veriblər.