Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən əməkdaşların üzvlük vəsiqələri təqdim olunub
Bakı, 27 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) ilk özək təşkilatında YAP sıralarına qəbul olunmuş əməkdaşların üzvlük vəsiqələri təqdim edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov YAP-ın dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib, ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətimizin başçısının Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor institutun ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini deyib.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Partiya sıralarına yeni qəbul olunanlar bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. Qeyd edilib ki, inkişaf və müasirlik partiyası olan YAP-ın üzvü olmaq böyük məsuliyyət və şərəfdir.
Xatırladaq ki, bu il oktyabrın 30-da Aİİ-də - Əhməd Cəmil, 41 ünvanında YAP-ın ilk özək təşkilatı yaradılıb.