YENİ AZƏRBAYCAN PARTİYASINDA MƏTBUAT KONFRANSI
Ətraf mühitin mühafizəsinin pozulmasına qarşı inzibati tədbirlərin gücləndirildiyini bildirən nazir diqqətə çatdırmışdır ki, 2001-ci illə müqayisədə ötən il cərimələrin və təbiətə dəymiş zərərə görə ödəmələrin həcmi 5 dəfə çoxalmışdır. Səlahiyyətlərindən sui-istifadə etdiklərinə və digər neqativ hallara yol verdiklərinə görə, ötən il 300 nəfər meşə işçisi vəzifəsindən kənarlaşdırılmış, 1800 iş isə araşdırılmaq üçün hüquq mühafizə orqanlarına təqdim edilmişdir.
Nazirin sözlərinə görə, ölkəmizdə mineral ehtiyatların axtarışı uğurla davam etdirilir. İndiyədək respublikamızın müxtəlif yerlərində 40 yeni yataq aşkarlanmış və bu yataqların bir qismi istifadəyə verilmişdir.
Təcavüzkar Ermənistanın hərbi qüvvələrinin işğalı altında olan ərazilərimizdəki təbii sərvətlərin talan edilməsinə münasibət bildirən natiq demişdir ki, əslində, günahsız insanları qətlə yetirən, yurd-yuvalarından didərgin salan, tarixi abidələri məhv edən ermənilərdən başqa cür hərəkət gözləmək də olmaz. Ermənilərin təbii sərvətlərimizi talan etməsi barədə əldə olunan faktları, bundan sonra da dünya ictimaiyyətinə olduğu kimi çatdırmalıyıq.
Meşə zolaqlarının daha sürətlə salınması üçün planlaşdırılan işlər, təbii sərvətlərdən qaydasınca istifadə edilməsi istiqamətində həyata keçirilən tədbirlər və digər mühüm məsələlər barədə məlumat verən nazir sonda jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.