‘YENİ AZƏRBAYCAN UĞRUNDA’ İCTİMAİ HƏRƏKAT YARADILIR
İyulun 1-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında bir qrup ictimai təşkilatın rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir. İctimai hərəkatın təşkilat qrupundan AZƏRTAC-a bildirmişlər ki, toplantıda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin namizədliyinin dəstəklənməsi məqsədilə “Yeni Azərbaycan uğrunda” ictimai hərəkatın yaradılması haqqında qərar qəbul edilmişdir. Toplantı iştirakçılarının fikrinə görə, hərəkatın yaradılmasından əsas məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin başçısı Heydər Əliyevin seçki kompaniyasına geniş ictimaiyyəti cəlb etmək, 15 oktyabr seçkilərini sabit və qüdrətli Azərbaycan dövlətçiliyi uğrunda əsl xalq hərəkatına çevirməkdən ibarətdir. Toplantıda akademik Akif Əlizadə, Milli Məclisin deputatı Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Kamal Abdulla, Milli Məclisin deputatları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Mübariz Qurbanlı və Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərovadan ibarət təşkilat qrupu yaradılmışdır. Təşkilat qrupuna hərəkatın təsis konfransının hazırlanması və keçirilməsi barədə tapşırıqlar verilmişdir. “Yeni Azərbaycan uğrunda” ictimai hərəkatın təsis konfransı bu il oktyabrın 4-də “Hyat Recensi” mehmanxanasında keçiriləcəkdir. Məlumata görə, hərəkata 200-dən artıq müxtəlif yönlü ictimai təşkilatın, ayrı-ayrı nüfuzlu ziyalıların, elm, təhsil, mədəniyyət, incəsənət xadimlərinin və ictimai xadimlərin qoşulacağı gözlənilir.