YENİ ƏSGİNAZLARIN MÜHAFİZƏ SİSTEMİ BEYNƏLXALQ STANDARTLARA UYĞUNDUR
Azərbaycan manatının mühafizə sistemi İsveçrə Milli Bankının texniki dəstəyi ilə müəyyən edilmişdir. Yeni nəsil əsginazlar üçün dördpilləli mühafizə sistemi hazırlanmışdır. Əsginazlarda 30 mühafizə elementi mövcuddur. Birinci dərəcəli element xüsusi avadanlıq tələb olunmadan, ikinci dərəcəli - ticarət müəssisələri tərəfindən sadə cihazlarla, üçüncü dərəcəli - banklar tərəfindən xüsusi avadanlıqlarla və dördüncü dərəcəli - emitent bank (Milli Bank) tərəfindən müəyyən edilir.
Təzə əsginazlarda dünyanın ən aparıcı şirkətləri tərəfindən hazırlanmış bir sıra yeni müasir mühafizə elementlərindən istifadə olunmuşdur. Əsginazın ən mühüm hissəsi olan və mühafizəsini təşkil edən kağız İsveçrənin “Landqarft” şirkəti (İsveçrə frankı kağızının istehsalçısı) tərəfindən hazırlanmışdır. O, dünyada ən yüksək beynəlxalq texnoloji standartlara uyğundur. Əsginazlarımız, müvafiq texnologiyaya uyğun olaraq, xüsusi lakla örtülmüşdür. Onlar mühafizə səviyyəsinə görə avro əsginazlarından heç də aşağı səviyyədə deyil.
Qəpiklərin mühafizəsi də xüsusi texnologiyalar vasitəsilə təmin olunmuşdur. 50 qəpiklik iki metaldan (bikolor) hazırlanmış və yan tərəfində mikromətn həkk edilmişdir.