Yeni il ərəfəsində keçirilən “Kütləvi çıxarış” kampaniyası Sabirabadın 7 kəndini əhatə edib
Sabirabad, 27 dekabr, Mahir Babayev, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunu artırmaq məqsədilə ictimai xidmətlərdə sosial aksiyaları mütəmadi olaraq keçirir. “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə xidmətin vətəndaşın ünvanına çatdırılması, mülkiyyət hüquqlarının geniş təminatı, vətəndaşların xidmətlərdən rahat istifadəsi, daşınmaz əmlakların çevik qeydiyyatı reallaşır.
“Kütləvi çıxarış” kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın bayram ərəfələrində keçirilməsi isə ənənəvi hal alıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti “Kütləvi çıxarış” kampaniyası dekabrın 27-si Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabadda keçirilib. Bu sosial layihə rayonun 7 kəndini - Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə edib.
İctimai aksiya çərçivəsində göstərilən xidmətlərdən istifadə etmək istəyən 200-ə yaxın vətəndaş səyyar mobil ofislərə müraciət edib. Keçirilən aksiya çərçivəsində 135 sakinə əmlaklarına dair hazır çıxarışlar təqdim olunub. Qeydiyyata alınmış daşınmaz əmlaklardan 26-sı fərdi yaşayış evi, 20-si həyətyanı, 89-u kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaş isə hüquq müəyyənedici sənədlərini komitə əməkdaşlarına təqdim ediblər. Sənəd qəbulu və hazır çıxarışların verilməsi ilə bərabər, sakinlərə hüquqi xidmətlər də göstərilib. Belə ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı prosesi, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları ilə bağlı məlumatlandırılıblar.
Səyyar ofislərdə yaradılan müasir şərait ilkin qeydiyyat sənədləşdirməsi üçün qısa zamanda müvafiq çöl-ölçmə işlərinin aparılmasına yardım edir. Kampaniyanın bu üstünlükləri ilə bir sıra daşınmaz əmlakın texniki sənədlərinin hazırlanması üçün parametrlər müəyyən olunur.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səyyar qeydiyyat kampaniyalarının keçirilməsi həm paytaxt, həm də regionlar üzrə leqal daşınmaz əmlakların sayının artmasına səbəb olur. Vətəndaşlar sahib olduqları əmlakları daha aktiv və güvənli şəkildə iqtisadi əməliyyatlara cəlb edə bilir. Keçirilən sosial aksiyaların daha da genişləndirilməsi, səyyar xidmətlərdən istifadə edən vətəndaş sayının artırılması və bu prosesdə yeniliklərin tətbiqi ilə bağlı işlər davam etdirilir.
Qeyd edək ki, bu il 20-dən çox “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunun 15-i rayonlarda baş tutub. Bu il 22 kənd və qəsəbədə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası təşkil edilib.
Komitənin səyyar xidmətləri ilə yanaşı, tətbiq edilən yeniliklər də daşınmaz əmlakın qeydiyyatının statistikasına müsbət təsir göstərir. Belə ki, çıxarışların verilməsinin 1 iş günü müddətində reallaşması, elektron çıxarışın istifadəsi bu sahədə rəqəmlərin artmasına imkan verib. Hazırda ölkədə 8 min elektron çıxarış sahibi var.