Yeni kitab: “Əlillik qüsur deyil”
Bakı, 31 yanvar, AZƏRTAC
İnsan çox şeyə qadirdir və o, nə qədər çətinliklərlə rastlaşsa da, öz istedadını, biliyini, bacarığını cəmiyyətə təqdim etməli və ölkəsinə həsr etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq nəşr olunmuş “Əlillik qüsur deyil” kitabı ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı ilə açılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində buraxılmış kitabda ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi uğurlu siyasətdən, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan nəcib və xoşməramlı layihələrdən bəhs olunur.
Etibarlı sosial müdafiə sistemi
“Əlillik qüsur deyil” kitabının ilk səhifələrində əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, məişət şəraitlərinin yaxşılaşdırılması, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən tədbirlərə dair materiallar əksini tapır.
Qeyd edilir ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə dair dövlət proqramı Ümummilli Liderin tövsiyəsi ilə hazırlanıb. Əlillərin etibarlı sosial müdafiə sistemi ilə əhatə edilməsi, onların cəmiyyət həyatında fəal iştirak imkanlarına geniş şərait yaradılması Prezident İlham Əliyevin apardığı sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan BMT Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Hazırda Azərbaycanda dövlət tərəfindən bu insanların sosial rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə yaxşılaşdırılır və cəmiyyət həyatında fəal iştirak etmək imkanları genişləndirilir. 2018-ci il mayın 31-də isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
İmkanlara məhdudiyyət yoxdur
Nəşrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəstəyi sayəsində reallaşan “İmkanlara məhdudiyyət yoxdur” kampaniyası çərçivəsində görülən işlər, həmçinin Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilir. Belə ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud olan yüzlərlə uşaq üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya müəssisəsi də bu xeyirxah missiyanın davamıdır. Beləliklə, fiziki məhdudiyyətli uşaqların sağlamlıqlarının bərpası imkanları daha da genişləndirilib. Mühüm əhəmiyyət kəsb edən sosial layihələrdən biri də hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmış gənclər üçün yaşayış binalarının tikilməsidir.
“2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini xüsusilə qeyd etmək lazımdır. Bütün bunlar isə ölkə başçısının müvafiq təbəqədən olan insanların cəmiyyətin fəal üzvlərinə çevrilməsi məramına xidmət edən sosial siyasətinin icrasına mühüm dəstək verir.
Əlil şəxslərin intellektual imkanlarının dəstəklənməsi, sağlamlıq imkanları məhdud olan istedadlı gənclərin beynəlxalq sərgilərdə, idman yarışlarında, mahnı və rəqs müsabiqələrində iştirakının təmin edilməsi və digər istiqamətlərdə həyata keçirilən layihələr cəmiyyətdə həmin insanların sosial inteqrasiya imkanlarını xeyli genişləndirib.
Başlıcası iradədir
Əlillik qüsur deyil, çünki bu insanlar fiziki cəhətdən zəif olsalar belə, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər var və bu əlillik onların yaradıcılığına, uğur qazanmasına mane olmamalıdır.
Bu fikirlərin yer aldığı kitab Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisə sakinlərinin yaradıcı fəaliyyətini, yaradıcılıq nümunələrini əks etdirən ilk nəşrdir. 278 səhifəlik kitabın ərsəyə gəlməsi üçün 1500-dən çox foto çəkilib və fotoarxiv materiallarından istifadə edilib. Oxucu nəşrdə incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-dək fiziki məhdudiyyətli şəxsin fəaliyyəti və əl işləri ilə tanış ola bilər. Bu əl işləri və yaradıcılıq uğurları bir daha təsdiqləyir ki, əlillik qüsur deyil, başlıcası iradədir, insanın qəlbindəki həyat eşqi, qurub-yaratmaq istəyinin tükənməzliyidir.
İnanırıq ki, oxucular bu kitabı vərəqlədikcə, əlilliyi olan şəxslərin ecazkar incəsənət nümunələri, sənət əsərləri və nailiyyətləri ilə tanış olduqca, onların daxili aləmlərini və dünyaya baxışlarını daha dərindən anlayacaqlar.
Layihənin rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Kitab Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), Milli Arxiv İdarəsinin, Boccia İdman Federasiyasının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin köməyi və dəstəyi ilə çap edilib.
Gələcəkdə “Əlillik qüsur deyil” kitabı əsasında əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, eləcə də onlar üçün əl işlərinin satışı portalının yaradılması nəzərdə tutulur.