YENİ MÖVSÜM “KOROĞLU” OPERASI İLƏ AÇILACAQ
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, uzun illər boyu teatr Azərbaycan professional musiqisinin və opera sənətinin banisi dahi Üzeyir Hacıbəyovun doğum günü şərəfinə mövsümə “Koroğlu” operası ilə başlamışdır. Lakin son illər Koroğlu rolunun ifaçısının olmaması üzündən tamaşa repertuardan çıxarılmışdı. Yəni mövsüm Ü.Hacıbəyovun “Leyli və Məcnun” və ya “Arşın mal alan” tamaşaları ilə açılırdı. Bu il teatr ənənəsini bərpa edəcək və yenidən öz pərdələrini “Koroğlu” uvertürasının əzəmətli sədaları altında qaldıracaqdır. Tamaşada baş rolu gənc vokalçı, bu yaxınlarda ABŞ-da səhnə incəsənəti üzrə dünya müsabiqəsində böyük uğurla çıxış edən Ülvi Qılınc ifa edəcəkdir. Nigar rolunun ifaçısı bu ilin iyulunda Avstriyada gənc vokalçıların beynəlxalq müsabiqəsində öz parlaq çıxışı ilə xüsusi diploma layiq görülmüş İlahə Əfəndiyevadır. Digər əsas rollarda respublikanın əməkdar artistləri Şahlar Quliyev, Əli Əsgərov və başqaları çıxış edəcəklər.
Teatr bu mövsümdə dirijor və bəstəkar maestro Niyazinin eyniadlı simfonik muğamı əsasında ikihissəli “Rast” baletini səhnəyə qoyacaqdır. Onun ilk tamaşası oktyabr ayında olacaqdır. Orijinallığı ilə fərqlənən baletdə xoreoqrafik rəqslərlə yanaşı, zərb alətləri kollektivi və xalq artisti Alim Qasımov da çıxış edəcəkdir.
2004-cü ilin sonuna kimi tamaşaçılar C.Verdinin “Trubadur” operasını da səhnədə görə biləcəklər.
Mövsüm ərzində Rusiya Akademik Böyük Teatrının, Sankt-Peterburq, Ukrayna, Belarus, Gürcüstan və digər xoreoqrafiya, vokal məktəblərinin ən layiqli nümayəndələrinin, bir sıra Avropa ölkələrinin aktyorlarının, Fransanın istedadlı və tanınmış xoreoqrafı Alen Amberin truppasının teatra dəvət edilməsi nəzərdə tutulmuşdur.