Yeni nəsil şəxsiyyət vəsiqələrinə vətəndaşın sağlamlıq kartındakı informasiyalar da əlavə olunacaq
Bakı, 19 may, Xatirə Cəfərova, AZƏRTAC
Elektron daşıyıcısı (çip) olan yeni nəsil şəxsiyyət vəsiqələrində bir sıra əlavə məlumatlar əksini tapacaq. Bu məlumatlara vətəndaşın sağlamlıq kartındakı informasiyalar da əlavə olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırda elektron kartlardakı məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə hansı mərhələdə daxil ediləcəyi müəyyənləşdirilir.
“E-xidmət”lərin və “e-imza”nın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rolu olacaq. Yeni nəsil şəxsiyyət vəsiqəsinə sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatlar daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə olunacaq.
Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və tibb müəssisələrinin pasiyentlərinə təqdim edilir.
Kartlarda vətəndaş haqqında şəxsi məlumatlar, tibbi və sosial sığorta və s. barədə informasiyalar yer alır. İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.
Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edəcək.