ELM VƏ TƏHSİL
Yeni tədris ilində 35 tələbə ADA-Corc Vaşinqton Beynəlxalq İkili Diplom Proqramına qəbul olub
Bakı, 12 sentyabr, AZƏRTAC
ADA Universiteti Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi magistr proqramlarına növbəti akademik il üzrə yeni tələbələr qəbul edib.
Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, Kompüter elmləri və Data analitikası, eləcə də Elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 122 tələbə qəbul edilib. 2023-2024-cü tədris ili üzrə qəbul olmuş Kompüter elmləri və Data analitikası ixtisasından 20 tələbə, Elektrik və elektroenergetika mühəndisliyi ixtisasından 15 tələbə üç semestr ərzində Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində təhsil alacaqlar.
İkili diplom proqramlarına qəbul olan tələbələr hər iki universitetin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edəcəklər.
Bu proqramlar tələbələrə peşəkar inkişafı, mədəniyyətlərarası dialoqu və real dünya təcrübələrini təşviq edən zəngin tədris planı təqdim edir. Xaricdə və ölkəmizdə yerləşən nüfuzlu şirkətlər ilə yaxından tanış olmaq tələbələrə sənayeni və onun tələblərini daha dərindən başa düşməyə, həmçinin peşəkarlarla əlaqə qurmağa imkan verir. Bu səfərlər vasitəsilə əldə edilmiş praktiki təcrübə onların təhsili və gələcək karyeraları üçün əvəzsiz rol oynamaqla yanaşı, onlara əmək bazarında rəqabət üstünlüyü təmin edir.
Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.
Xatırladaq ki, Elektrik və elektroenergetika mühəndisliyi proqramı üzrə 2021-ci ildə təhsil almağa başlayan 15 tələbə Vaşinqtonda təhsilini tamamlayaraq Azərbaycana qayıdıb. 2022-ci ildə qəbul olan, Kompüter elmləri və Data analitikası ixtisası üzrə təhsil alan 18 tələbənin isə hazırda Vaşinqtonda dərsləri davam edir.