Yeni Zelandiyada pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi ləğv edilib
Bakı, 13 may, AZƏRTAC
Yeni Zelandiya hakimiyyəti karantin məhdudiyyətlərinin yeni yüngülləşdirmə mərhələsinə keçidlə əlaqədar olaraq fövqəladə vəziyyət rejiminin fəaliyyətini dayandırıb.
AZƏRTAC Yeni Zelandiya hökumətinin saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə naziri Peeni Henarenin bəyanatında deyilir.
“Yeni Zelandiyada fövqəladə vəziyyət rejimi ləğv edilib. Hazırda ölkədə COVID-19 infeksiyası ilə bağlı ikinci təhlükə mərhələsinə keçid dövrü başlanıb”, - deyə nazirin bəyanatında bildirilir.
Yeni Zelandiyada fövqəladə vəziyyət rejimi martın 25-də tətbiq edilib. Ölkə mayın 13-də ikinci karantin məhdudiyyətləri mərhələsinə keçid edəcək. İkinci mərhələnin vəziyyəti isə mayın 25-də müzakirə olunacaq. Hökumət koronavirusun yayılması ilə əlaqədar əhalini sosial distansiyanı qorumağa və ehtiyat tədbirlərinə əməl etməyə çağırır.
Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern məhdudiyyətlərin yüngülləşdirməsi üzrə ikinci mərhələdə pərakəndə satış mağazalarının, ticarət mərkəzlərinin, restoranların, kinoteatrların və digər ictimai yerlərin açılacağını deyib. Məktəblər və universitetlər mayın 18-dən, barlar isə mayın 21-dən etibarən fəaliyyətini bərpa edəcək. Bu dövr ərzində ölkədaxili səfərlərə icazə verilsə də, sərhədlər hələ bir müddət bağlı qalacaq.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:30-a olan məlumatına əsasən, dünyada 4 milyon 355 mindən çox yoluxma və 293 min 88 ölüm faktı qeydə alınıb, 1 milyon 610 min 421 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Yeni Zelandiyada indiyədək yeni koronavirusa yoluxanların sayı 1497 nəfərə çatıb, 21 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda xəstəxanalarda 74 nəfər müalicə olunur.