Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 3 mart, AZƏRTAC
Boks Mərkəzində yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 268 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Altı gün davam edən birincilikdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında 13 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Nihat Ağakişiyev (46 kq, “Neftçi” İK), Zaur Qəhrəmanov (48 kq, “Zirvə” İK), Əli Ələsgərli (50 kq, “Neftçi” İK), Əsəd Ağayev (52 kq, DİN İC), Zəlimxan Süleymanov (54 kq, “Təhsil” RİM), Turğay Mirzəyev (57 kq, MOİK), Elməddin Ağayev (60 kq, Şirvan), İsa Novruzlu (63 kq, “Olimp”), Sayadulla Nəsirov (66 kq, “Zirvə” İK), Nurlan Qasımov (70 kq, “Qəbələ” İK), Rəmiş Cəfərov (75 kq, DİN İC), Cəfər Heydərli (80 kq, DİN İC) və Riad Nəzərov (80 kq-dan yuxarı, “Təhsil” RİM) Azərbaycan birinciliyinin qalibi adına layiq görülüb.
Komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə “Neftçi” İdman Klubu qərarlaşıb. Üçüncü yerə isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin komandası layiq görülüb.
Yarışın qalibi adını qazanan Nurlan Qasımov (70 kq) birinciliyin ən texnikalı boksçusu seçilib. Anar Nağdiyev ən yaxşı hakim, Bəhruz Kərimov (MOİK) ən yaxşı məşqçi nominasiyasında fərqləniblər.