“Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin rolu” mövzusunda seminar keçirilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də MDB Parlamentlərarası Assambleyası (MDB PAA) Şurasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialı “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin rolu” mövzusunda seminar keçirmişdir.
Tədbirdə filialın direktoru Elman İmaməliyev iştirakçıları qurumun əməkdaşları tərəfindən aparılan “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Azərbaycan Respublikası Milli Məclisinin rolu” adlı elmi araşdırma işi haqqında məlumatlandırmışdır.
Filialın əməkdaşları, Azərbaycan Kooperasiya Universitetinin professor-müəllim heyəti və tələbələr “Bələdiyyələrin özünüidarəetmə sistemi”, “Yerli özünüidarəetmədə beynəlxalq təcrübə”, “Bələdiyyə qulluğu üzrə əlaqədar münasibətlər”, “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində Milli Məclisin və Ədliyyə Nazirliyinin qarşılıqlı fəaliyyəti” və s. mövzularda çıxışlar etmişlər. Tədbir iştirakçıları müasir bələdiyyələrin problemləri və perspektivləri, yerli idarəetmə orqanlarının büdcələri, bələdiyyələrə muxtariyyət verilməsi və s. kimi mövzularda qarşılıqlı müzakirələr aparmışlar.
Sonda İnstitutun Bakı filialı tərəfindən aparılan eyni adlı elmi araşdırma işinə dair materiallar və qurumun hazırladığı digər əyani vəsaitlər iştirakçılara paylanmışdır.