CƏMİYYƏT
Yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə sağlam vətəndaş kimi qayıtmalarına yönəldilmiş maarifləndirmə tədbirləri davam edir
Bakı, 3 aprel (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) mütəmadi olaraq məhkumların problemlərinin həllinə, onların yenidən cəmiyyətə sağlam vətəndaş kimi qayıtmalarına yönəldilmiş tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, aprelin 3-də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində bu istiqamətdə daha bir tədbir keçirilmişdir.
AQUPDK-nın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsi ilə birgə tərtib etdiyi tədbirlər planına əsasən islah olunan yetkinlik yaşına çatmayanlarla keçirilən görüşün məqsədi narkomaniya, HİV/QİÇS xəstəliyinin qarşısının alınmasının, insan alverinin profilaktikasının, sağlam həyat tərzinin formalaşmasında və təbliğində maarifləndirmə işlərinin rolu ilə bağlı məsələlərin müzakirəsindən ibarət olmuşdur.
Tədbirdə mövzu ilə bağlı “Günəş şəhəri”, “Hədəf” və digər filmlər nümayiş etdirilmişdir.
Gənclərin real həyatından götürülmüş hadisələr üzərində çəkilmiş filmlərdə narkomaniyanın qarşısının alınmasında təhlükəsizlik tədbirləri və digər məsələlər öz əksini tapmışdır.
Filmlərin nümayişindən sonra çıxış edənlər tədbirin gənc məhkumların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, AQUPDK tədbirlər planı üzrə yeniyetmələrin cəmiyyətə inteqrasiyası, onların ehtiyaclarının öyrənilməsi istiqamətində fəaliyyətini genişləndirir.
Qeyd olunmuşdur ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə istiqamətində dövlət qurumları tərəfindən lazımi işlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq, bəşəriyyətin ən böyük problemlərindən biri olan, insanı məhv edən bu sosial bəla ilə hamılıqla mübarizə aparılmalıdır.
Diqqətə çatdırılmışdır ki, gənclərə, uşaqlara narkotik vasitələrin zərəri barədə vaxtında düzgün istiqamətin verilməsi, onların məlumatlandırılması mühüm əhəmiyyətə malikdir.
Sonda AQUPDK tərəfindən müəssisəyə mövzu ilə bağlı bukletlər və CD-lər təqdim edilmişdir.