Yevlaxda Dövlət Suverenliyi Günü ilə əlaqədar tədbir keçirilib
Yevlax, 19 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıyır. Ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan hazırda müstəqilliyinin ən gözəl günlərini yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dövlət Suverenliyi Günü münasibətilə Yevlaxda keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucalan abidəsini ziyarət ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Suverenliyi Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Üçrəngli Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilinin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və gücünün ifadəsidir.
Sonra Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Zərif Mehtiyeva, antiterror əməliyyatları iştirakçısı Soltan Səmədov çıxış ediblər. Bildirilib ki, uğurla yekunlaşan antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin olundu, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa edildi. Lokal xarakterli antiterror tədbirləri Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olundu.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən və öz fəaliyyət sahələrində nailiyyətlər qazanan bir sıra şəxslər Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif ediliblər.