Yevlaxda güclü küləklə müşahidə olunan yağıntının fəsadları aradan qaldırılır VİDEO
Yevlax, 17 iyun, AZƏRTAC
İyunun 15-də Yevlax rayonu ərazisində güclü külək əsməsi və şiddətli yağış yağması nəticəsində şəhər təsərrüfatına xeyli ziyan dəyib. Belə ki, şəhərin bir sıra yerlərində ağaclar, yaşıllıqlar qırılıb, küçə və prospektlərdəki işıqlandırma dirəkləri zədələnib, bir neçə binanın dam örtüyünə ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və şəhərdə təmizlik-abadlıq işlərinin görülməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ümumşəhər iməciliyi təşkil edilib. Aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik şəhərin bütün ərazisini əhatə edib. İməcilik zamanı kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulub təmizlənməsi həyata keçirilib.
İməcilik zamanı küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Bu işlərdə ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları və şəhər sakinləri fəallıq göstəriblər.
Güclü külək nəticəsində sınan ağaclar Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilərək götürülüb, sınmış budaqları budanıb, ərazi təmizlənib, həmçinin həmişəyaşıl ağacların bir qismi yuyulub, şəhərin yaşayış məhəllələrində, yol kənarlarında əlavə təmizlik işləri görülüb. Dam örtükləri zədələnən binaların həyətlərinə toplanan tullantılar daşınıb, dam örtüklərinin bərpası ilə bağlı hazırlıq işlərinə başlanılıb.
İməcilik tədbirləri gün ərzində keçirilib və təbii fəlakətin fəsadlarının tam aradan qaldırılması üçün əlavə tədbirlər də görülür.