Yevlaxda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub
Yevlax, 21 may, AZƏRTAC
Yevlax rayonunun Salahlı kəndində Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan "Şəhidlər" abidəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə "Şəhidlər" abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Vətən uğrunda şəhid olan oğulların xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıblar. Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yevlax rayonunun digər kəndlərində də şəhidlərin xatirəsinə abidələrin tikintisinə başlanılıb.