YOL-NƏQLİYYAT HADİSƏLƏRİ ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 11-də Qazax rayonunun Daş Salahlı kəndi ərazisində, kənd sakini Elçin Pəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını aşırmış, nəticədə sürücü hadisə yerində ölmüşdür.
Nizami rayonundakı Q.Qarayev prospekti ərazisində, Binə qəsəbə sakini İntizam Babayevin idarə etdiyi “VAZ-21099” markalı və Bərdə rayon sakini Ceyhun Abbasovun sürdüyü “VAZ-21015” markalı avtomaşınlar toqquşmuşdur.
Xəsarət almış hər 2 sürücü və “VAZ-21015”in sərnişini, Balaxanı qəsəbə sakini Vidadi Əliyev xəstəxanaya yerləşdirilmişlər.
İyunun 6-da Mingəçevir şəhəri ərazisində, şəhər sakini Nəsimi Abbasov idarə etdiyi “VAZ-2103” markalı avtomaşınla Vüqar Hacıyevi vurmuşdur.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 10-da orada ölmüşdür.
Mayın 30-da Babək rayonunun Vayxır kəndi ərazisində, Şahbuz rayon sakini Sabir Cəlilov sürdüyü “VAZ-2121” markalı avtomaşınla kənd sakini Turqay Məmmədovu vurmuşdur.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Məmmədov iyunun 10-da orada ölmüşdür.
İyunun 10-da Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində, qəsəbə sakini Nuru Vəliyev idarə etdiyi “Moskviç-2140” markalı avtomaşın Kamran Ramazanova məxsus “MTZ-80” markalı traktorla toqquşmuşdur.
Hadisə zamanı avtomobilin xəsarət almış sürücüsü və sərnişinlər - Qorxmaz Gülməmmədov və Habil Abdullayev xəstəxanaya yerləşdirilsələr də, N.Vəliyevin həyatını xilas etmək mümkün olmamışdır.
Faktlarla bağlı araşdırmalar aparılır.