Yol polisi küçələrdə təmizlik qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib
Bakı, 2 noyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küçələrdə təmizlik qaydalarına riayət olunması ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.
BDYPİ-dən AZƏRTAC-a daxil olan müraciətdə yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi hallarının dərin təəssüf hissi doğurduğu diqqətə çatdırılıb. Bildirilib ki, son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyaların atılmasına tez-tez rast gəlinir. Cari ilin doqquz ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 nəfər barəsində protokollar tərtib edilib. Hər bir vətəndaş ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. bu növ məişət tullantılarını nəqliyyat vasitələrindən bayıra atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
“Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub. Lakin biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq. Xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla yanaşı, mədəniyyətin göstəricisi kimi də qiymətləndirilə bilər”, - Dövlət Yol Polisinin müraciətində bildirilib.