“Yol ver Türkün bayrağına” adlı seminar-məşğələ təşkil edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında metodika-biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən Əhməd Cavadın 130 illiyi ilə əlaqədar “Yol ver Türkün bayrağına” adlı seminar-məşğələ keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Metodika-biblioqrafiya şöbəsinin müdiri R.Mustafayeva şairin həyat və yaradıcılığı və şəxsiyyəti haqqında iştirakçılara qısa məlumat verərək qeyd edib ki, Ə.Cavad şair, müəllim, ictimai-siyasi xadim, jurnalist, tərcüməçi kimi gənc yaşlarından tanınıb: “Onun bir sıra əsərləri, xüsusilə də “Cümhuriyyət marşı”, “Çırpınırdı Qara dəniz”, “Göy göl” və digər şeirləri dillər əzbəri idi. Bütün həyat və fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin adı, xatirəsi insanlar üçün çox əzizdir.
Şöbənin baş biblioqrafı İ.Sadıqova Əhməd Cavad yaradıcılığı haqqında məlumat verərək bildirib ki, o zaman da, indi də cümhuriyyət deyəndə hamıdan əvvəl Ə.Cavad yada düşür: “Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Ə.Cavad şeirlərinin ruhuna hopub. Şimaldan uzanan bolşevik caynaqları 23 aylıq Azadlıq körpəsini beşiyindəcə boğdu, 28 aprelin qara buludları 28 may günəşi hərarətinin qarşısını kəsdi və zindanlar, edamlar, sürgünlər, mühacirətlər dövrü başlandı”.
Sonda A.Babayeva və N.Hüseynova şair Əhməd Cavadın "Dan ulduzu", "Kölgəm ilə mən" adlı şeirlərini səsləndiriblər.