“Yüksək Texnologiyalar Parkı” BFB-nin “Listinq Məsləhət Proqramı”na qoşulub
Bakı, 23 may, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı - “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” (YTP) qoşulub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar mayın 23-də “Listinq Məsləhət Proqramı”na qoşulma haqqında saziş imzalanıb və bu münasibətlə Bakı Fond Birjasında “Açılış zəngi” mərasimi keçirilib.
Sazişə əsasən Bakı Fond Birjası YTP-nin rezidenti olan şirkətlərinin BFB vasitəsilə maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə, təlim proqramlarının təşkil edilməsinə, eləcə də YTP-nin BFB vasitəsilə maliyyələşmə həllərinin öz xidmət kataloquna daxil edilməsi nəzərdə tutulub.