YUNİSEF-İN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ HANA SİNGERİN ÇIXIŞI
Mən çox fərəh hissi ilə görürəm ki, üzərinizə götürdüyünüz öhdəliklər hökumətin ən yüksək rütbəli şəxsləri tərəfindən bu cür qavranılır, ölkə rəhbərliyi buna xüsusi diqqət yetirir. Bilirəm ki, gələcək illər ərzində get-gedə iş artacaqdır. Çox şadam ki, Azərbaycanda yeni məktəblərin tikintisi üçün can yandırırsınız, buna böyük ehtiyac var. Nəzərə almalıyıq ki, böyük çətinliklər var, iş çətindir, mürəkkəbdir. Ancaq eyni zamanda, avadanlıqla təchizata xüsusi diqqət yetirilməlidir. Səhiyyə Nazirliyi də nəzər yetirməlidir ki, orada hər şey beynəlxalq standartlara uyğundur, yoxsa yox.
Burada söhbət uşaqlardan gedir. Xüsusi diqqət yetirilməlidir ki, həm tədris edənlər, həm də təhsil alanlar arasında interaktiv bir əlaqə olsun. Tədris sisteminə daha çox adi insanlar cəlb olunmalı və eyni zamanda, müəllimlər üçün də treninqlər təşkil edilməlidir. Əgər biz uğurlardan danışırıqsa, təhsilin yüksək səviyyədə həyata keçirilməsini arzulayırıqsa, onun standartlarına xüsusi nəzər yetirməliyik. Mən səmimi qəlbdən hamınıza bildirirəm ki, bu gün Azərbaycanda çox vacib bir layihənin artıq ikinci mərhələsinə başlanır. Mehriban xanım, sizə təbriklərimi yetirirəm, təhsil işçilərini təbrik edirəm.
MEHRİBAN ƏLİYEVA: Çox sağ olun! Siz qeyd etdiyiniz problemlər çox aktualdır və həm Fondda, həm də dövlət strukturlarında onlar barədə hər zaman düşünürük. Tikinti işləri ilə yanaşı, təhsilin səviyyəsi təhsil sisteminin yeniləşməsi çox aktual problemdir. Siz bilirsiniz, proqram qəbul edilib ki, məktəblər kompyuterləşdirilməlidir. Biz yüksək texnologiyaları məktəblərə gətirməyə çalışırıq. Əlbəttə, bu baxımdan müəllimlərin treninqi çox mühüm məsələdir və dövlət tərəfindən də bununla bağlı bir sıra layihələr hazırlanır. Fond da bu istiqamətdə işlər aparır.