CƏMİYYƏT
Yuxu Alsheymer xəstəliyindən qoruyur
Bakı, 6 may, AZƏRTAC
Alsheymer xəstəliyi yaddaş funksiyalarının pozulması ilə bağlıdır. Sağlam yuxu sinir sistemi xəstəliklərinin çoxu üçün əla profilaktikadır, çünki yuxu əhval-ruhiyyəni və iş qabiliyyətini artırır, depressiya ehtimalını azaldır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amerika alimləri bu faktı drozofil milçəklər üzərində apardıqları təcrübələrdə sübuta yetiriblər.
Alimlər tədqiqatlar zamanı doyunca yatmayan milçəklərdə Alsheymer xəstəliyinə xas dəyişikliklər müşahidə ediblər. Mütəxəssislər dərhal yuxunu və bu sağalmaz xəstəlik riskini əlaqələndiriblər. Uzun sürən yuxu xatirələri daha yaxşı kodlaşdırmağa kömək edir. Tədqiqatçılar qeyd ediblər ki, bu proses insanlar üçün də səciyyəvidir. Yəni sağlam yuxu Alsheymer xəstəliyi və başqa yaddaş pozulmaları üçün əsas profilaktika tədbirlərindən biridir.
Alsheymer xəstəliyini müalicə edən dərmanlar hələlik yoxdur. Lakin bu xəstəliyin qarşısını almaq üçün sağlam qida, səmərəli rejim, müntəzəm fiziki hərəkətlər kimi üsullar var. Alimlər gündüz, heç olmazsa, bir saat yatmağı məsləhət görürlər. Bu beynin günorta fəallığını təqribən beş dəfə artırır.