ZAQATALADA PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMINDAN İRƏLİ GƏLƏN MƏSƏLƏLƏRƏ HƏSR OLUNMUŞ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Sərəncamın icrası ilə əlaqədar yaradılan rayon və kənd ərazi komissiyalarının üzvləri, “Kapital Bank” ASC-nin rayon filialının, habelə “Aqrolizinq” ASC və Dövlət Sığorta Kommersiya Şirkətinin yerli qurumlarının nümayəndələri iştirak etmişlər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov seminar-müşavirəni açaraq Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamının aqrar sahədə çalışan iş adamlarına, fermerlərə yüksək dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd etmiş, sənəddən irəli gələn məsələlərin həllinin aqrar sektorun inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.
İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, rayon komissiyasının sədri Elman Ramazanov Prezidentin Sərəncamı və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı barədə seminar iştirakçılarına ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Komissiya sədri bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na uyğun olaraq, Zaqatala rayonunda yardımın verilməsini təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 9 nəfərdən ibarət rayon komissiyası, həmin komissiyanın təqdimatı ilə 31 kənd ərazi komissiyası, habelə işçi qrupları yaradılmış, iş planları təsdiq edilmişdir.
Komissiya sədri daha sonra seminar iştirakçılarına işçi qrupunun fəaliyyəti, kənd ərazi komissiyalarının iş rejimi, istehsalçılardan sənədlərin qəbul edilməsi qaydaları, şərtləri və sənədlərin təqdim edilməsi müddəti barədə məlumat vermiş, komissiya üzvlərini ərizə və blank formaları ilə tanış etmiş, bu sənədlərin düzgün tərtib edilməsi ilə bağlı tövsiyələrini bildirmişdir.
Seminarda “Kapital Bank” ASC-nin rayon filialının, “Aqrolizinq” ASC və Dövlət Sığorta Kommersiya Şirkətinin yerli qurumlarının rəhbərləri çıxış etmiş, rayon və kənd ərazi komissiyaları üzvlərini maraqlandıran suallara aydınlıq gətirmişlər.