Zaqatalada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Zaqatala, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Zaqatalada keçirilən anım tədbirində səsləndirilib.
Faciənin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirinin əvvəlində Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Xocalı faciəsinə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Anar Seyidov çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, erməni millətçilərinin öz havadarlarının köməyi ilə Xocalıda həyata keçirdikləri qətliam miqyasına və dəhşətli nəticələrinə görə digərlərindən fərqlənir. Bu cinayət 613 nəfərin, o cümlədən 63 uşağın, 70 qocanın və 106 qadının həyatına son qoyub, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb, 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu soyqırımı nəticəsində şəhərin mülki əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib.
Vurğulanıb ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu istiqamətdə davamlı təbliğat işi aparılır.
Milli Məclisin deputatı Asif Əsgərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi Vidadi Hacıyev, Xocalı sakini Vasif Allahverdiyev çıxışlarında Azərbaycan xalqının bu qanlı tarixi heç vaxt unutmayacağını bildiriblər. Vurğulanıb ki, azğın erməni silahlı birləşmələrinin öz havadarları ilə birlikdə dinc, silahsız Xocalı sakinlərinə etdikləri amansızlıqlar və vəhşiliklər xalqımızın yaddaşına əbədi həkk olunub.