“Zəfər Günü və Türkiyə-Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans keçirilib
İsmayıllı, 5 noyabr, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı, Qəbələ və Qobustan rayonlarının Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə Qələbəmizə həsr olunan “8 noyabr - Zəfər Günü və Türkiyə-Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans keçirilib. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Türkiyənin Hacettəpə Universitetinin akademiki, professor Ali Çağlar, tədqiqatçı türkoloq Cəlal İbrahimov, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru İlham Həsənov, mədəniyyət müəssisələrinin rəhbərləri, əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək tarixi qələbəmizdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyətindən, bu qələbədə Türkiyə- Azərbaycan qardaşlığının önəmindən danışıb.
Professor Ali Çağlar Türkiyə-Azərbaycan əlaqələrindən, bölgənin siyasi-coğrafi mövqeyindən, qardaş Türkiyənin Azərbaycana dəstəyindən söz açıb.
Türkoloq Cəlal İbrahimov isə çıxışında bölgənin etnik tərkibi və coğrafi mövqeyi haqqında geniş məlumat verib.
Professor İlham Həsənov Qələbəyə gedən yolun heç də asan olmayan proseslərdən keçdiyini bildirib, bölgənin tarixi barədə öz araşdırmalarından bəhs edib.
İsmayıllı, Qəbələ və Qobustan rayonlarının Heydər Əliyev mərkəzlərinin direktorları Mayıl Fərəcov, Fuad Qasımzadə və Cahangir Ağaməmmədov çıxış edərək, Zəfər Gününün bölgələrdə sakinlər tərəfindən yüksək qürur və sevinclə qarşılandığını vurğulayıb, bayrama hazırlıqla əlaqədar görülən işlərdən danışıblar.