“Zəfər sərgisi” – Muzey Mərkəzində açılan növbəti sərgi belə adlanır
Bakı, 4 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında Vətən müharibəsinin Qələbə ilə başa çatmasının və torpaqların işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Zəfər sərgisi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından öncə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Zəfər Günün tarixi əhəmiyyətindən söz açıb.
8 Noyabr tarixinin böyük Qələbəmizin ildönümü, əzəmətli Zəfər bayramı günü olduğunu deyən S.Məmmədəliyeva qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz düşmən üzərində şanlı Qələbə qazanıb və 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib.
“Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allah rəhmət eləsin. Biz onların əziz xatirəsini hər zaman ehtiramla yad edirik. Vətən müharibəsində rəşadət göstərən bütün igidlərimizə minnətdarlığımızı bildiririk, qazilərimizə Allahdan şəfa diləyirik. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşında bütün xalqımız ayağa qalxmışdı. Onların sırasında sənət adamları, yaradıcı insanlar, musiqiçilər, rəssamlar da var idi. Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin yazılmasına sənətkarlarımız həm də öz yaradıcılıqları, öz qələmləri, fırçaları ilə töhfələrini vermişlər. Tarixi həqiqətləri, xalqımızın Qarabağ uğrunda apardığı mübarizəni, Vətən həsrətini və qazandığımız misilsiz Qələbəni əks etdirən əhəmiyyətli əsərlər yaratmışlar. Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə möhtəşəm Qələbəmizə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Dünən “Qarabağın Qara Kitabı”nın təqdimatı, habelə Plakat sərgisi keçirilmişdir”, - deyə nazir müavini qeyd edib.
O əlavə edib ki, sərgidə Azərbaycanın Xalq rəssamları - Fərhad Xəlilov, Səlhab Məmmədov, Arif Hüseynov, Siruz Mirzəzadə ilə yanaşı, gənc nəslin də Qarabağa və Zəfər Gününə həsr olunmuş 200-dən çox əsəri nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən danışıb. O, Zəfər Gününün birinci ildönümü ərəfəsində açılan bu sərginin qürurverici olduğunu söyləyib. Vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun məharətlə həyata keçirdiyi bu möhtəşəm Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb və yaradıcı insanlar əsərlərində bunu yüksək dəyərləndiriblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri - müxtəlif nəsillərin rəssamlarının, o cümlədən müəyyən bir janrın tanınmış sənətkarlarının əsərləri təqdim olunur.
Ekspozisiyada nümayiş olunan əsərlər Qarabağın - 30 ilədək işğal altında olan bu mübarək Azərbaycan torpağının mənzərələrini tamaşaçı qarşısında canlandırır.
Sərgi noyabrın 10-dək ziyarətçilər üçün açıq qalacaq.