Zəlzələ Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək?
Bakı, 14 fevral, AZƏRTAC
Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələrlə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Əsrin fəlakətinin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə mənfi təsir göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac həyata keçirilib, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxal olub. Türkiyə, eyni zamanda, ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. Belə ki, 3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminən üçdəbiri Türkiyənin payına düşür.
“Son illər qardaş ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malikdir. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır. Əsrin fəlakətinin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində azalmalar olmazsa, Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi dəyişiklik gözlənilmir”, - deyə ekspert qeyd edib.