CƏMİYYƏT
Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir
Bakı, 9 fevral, AZƏRTAC
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, nazir müavini və aidiyyəti qurumların rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə FHN və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz çalışırlar.