Zərdablılar Zəfər Gününü silsilə tədbirlərlə qeyd ediblər
Zərdab, 8 noyabr, AZƏRTAC
Zərdab rayonunda Vətən müharibəsində tarixi Qələbəmizin ildönümü silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millli Məclisin deputatı Jalə Əliyeva, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri öncə Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında tikilən abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Burada çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı möhtəşəm Qələbədən danışıb. Qeyd edib ki, böyük, tarixi Qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini verib. Cəbhəyə rayondan 452 nəfər gedib. Döyüşlərdə 8 nəfər şəhid olub. Şəhidlərə göstərilən diqqər və qayğıdan danışan natiq Prezidentin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərən onlarca zərdablının Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edildiyini bildirib. Vurğulayıb ki, şəhidlərimizin adı Zərdabın küçələrinə verilərək əbədləşdirilib, xatirələrinə abidələr ucaldılıb, bulaqlar tikilib və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Gəlmə kəndində şəhidlərin dəfn olunduqları məzarlıq abadlaşdırılıb. Şəhidlərin xatirə parkı əsaslı təmir edilib, orada onların fotoşəkilləri həkk olunan xatirə abidələri quraşdırılıb.
Deputat Jalə Əliyeva çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qələbə ilə nəticələnən Vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən danışıb. Bildirilib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri diqqət və qayğısı ilə əhatə edilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları çıxış edərək şəhidlərin xatirəsinə göstərilən böyük diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon mədəniyyət mərkəzinin əməkdaşlarının və məktəblilərin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilib və şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.
Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilən şəhidlərin məzarları ziyarət olunub. Habelə, rayon ərazisində şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirilib, 400-dən çox müxtəlif növ ağac əkilib.