ZƏRİFƏ ƏLİYEVA PARKI TOVUZUN YENİ İSTİRAHƏT GUŞƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Tovuz rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Tovuz şəhərində salınmış akademik Zərifə Əliyeva adına parkla tanış oldu, görkəmli oftalmoloq alimin abidəsi önünə gül dəstəsi qoydu. Tovuz şəhərindəki keçmiş mədəniyyət və istirahət parkı yenidən qurulduqdan sonra rayon ictimaiyyətinin arzusuna uyğun olaraq, ona akademik Zərifə xanım Əliyevanın adı verilmişdir. Ümumi sahəsi 1,2 hektar olan parkda müasir üslubda şəlalə, fəvvarələr, yay teatrı var. Parkda çoxlu ağac və gül kolları əkilmiş, yaraşıqlı oturacaqlar qoyulmuş, işıqlandırılma sistemi müasirləşdirilmişdir.
Prezident İlham Əliyev parkı gəzdi və burada yaxşı səliqə-sahman, sakinlərin istirahəti üçün gözəl şərait yaradıldığını vurğuladı.
######
