Xaçmazda Azərbaycan örpəklərinin nümayiş etdirildiyi sərgi açılıb VİDEO
Xaçmaz, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın qədim baş örtüklərinin nümayiş olunduğu sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, "Azərbaycan örpəyi” adlı sərgidə qadın milli geyimlərimizin əsas atributlarından sayılan 80-ə yaxın baş örtüyü nümayiş olunur. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə müxtəlif dövrlərə aid kəlağayılar, şallar, örpəklər görmək mümkündür.
Sərginin təşkilatçısı Pakizə Mehdiyeva nümayiş etdirilən baş örtüklərinin toplanmasına 3 aydan çox vaxt sərf olunduğunu bildirib. Baş örtükləri muzeylərdən və kəndlərdə yaşayan sakinlərdən əldə edilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya zalında təşkil olunan sərgi martın 13-dək davam edəcək.