CƏMİYYƏT
Rusiya Prezidenti MDB Təhlükəsizlik Orqanları Müşavirəsinin üzvləri ilə görüşüb VİDEO
Moskva, 5 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin aprelin 5-də Moskvada keçirilən XIV iclasının iştirakçıları ilə görüşüb.
Azərbaycanı iclasda təmsil edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov görüşdə iştirak ediblər.
Rusiya Prezidenti bildirib ki, MDB-də təhlükəsizliyə başlıca hədə mütəşəkkil cinayətkarlıq, narkotrafik, korrupsiya və xarici qüvvələrin ölkələr daxilində vəziyyətə təsiridir. Dövlət başçısı qeyd edib ki, MDB xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələri qurulub və səmərəli şəkildə inkişaf edir. Prezident əmin olduğunu bildirib ki, MDB xüsusi xidmət orqanları bu cür qarşılıqlı fəaliyyətin əhəmiyyətini düzgün qiymətləndirirlər və gələcəkdə əməkdaşlığı davam etdirəcəklər.
Müşavirənin XIV iclasının MDB-nin yubileyi ilində keçirildiyini deyən Vladimir Putin əlavə edib ki, MDB xüsusi xidmət orqanlarının əməkdaşlığı barədə saziş də 25 il əvvəl imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva