Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib.
S.Məmmədov əlavə edib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Saleh Məmmədov vurğulayıb ki, ulu öndərimiz Heydər Əliyev həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə heç kimdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış edib. Bu, Ümummilli Liderin böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin bariz nümunəsi idi. “Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verilib, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilib. Bir sözlə, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib”.
Qeyd olunub ki, bu gün də bu siyasət Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Belə ki, dövlət başçısı tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan S.Məmmədov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb.
Prezident İlham Əliyev əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.