CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında protokol imzalanıb



Bakı, 6 mart, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı naziri Heydər Əsədov martın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
Görüşdə nazir fondla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilib.
Nazir son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çəltikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəssislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun sayıb.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək, aqrar sahə üzrə tədqiqatların aparılması üçün Fond tərəfindən daim dəstək göstəriləcəyini diqqətə çatdırıb. E.Babayev protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib və növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.
Nazir Heydər Əsədov nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-tədqiqat institutlarına prioritet istiqamətləri müəyyənləşdirməklə elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsi üzrə təkliflərin hazırlanaraq təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi və Prezident yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələləri öz əksini tapıb. Həmçinin Fond Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcək.
Sonda Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr edilən kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.