Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək
Bakı, 26 may, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri nazirlə görüşə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar iyunun 3-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-ü saat 08:00-da DİN-in Daxili Qoşunlarının Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.