İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri BMU-da olublar
Bakı, 26 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə iştirakçılar universitetin tanıtımı ilə bağlı videoçarxı izləyiblər.
BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ali məktəblərlə orta ixtisas təhsili müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı təhsil müəssisələri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasını zəruri edir. BMU-nun beynəlxalq standartlara uyğun mühəndis və mütəxəssis hazırlığını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini deyən prorektor universitetdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsi, innovativ düşüncə və tədqiqat vərdişlərinin formalaşdırılması yönündə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül vurğulayıb ki, ali məktəb dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurub və bu istiqamətdə mühüm layihələr həyata keçirir. Son illərdə təhsil ocağının xüsusilə Çin Xalq Respublikasının aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə əməkdaşlığı genişlənib. Həmin proqramlar çərçivəsində BMU tələbələri təhsillərinin müəyyən hissəsini Çində davam etdirmək, beynəlxalq təcrübə toplamaq və iki diplom qazanmaq imkanı əldə edirlər. Prorektor əlavə edib ki, bu proqramlar tələbələrin qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci publik hüquqi şəxsin direktoru Kəmalə Süleymanlı rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında informasiya verib. Bildirib ki, kollecdə mütəxəssis hazırlığı həyata keçirilən istiqamətlər üzrə BMU ilə əməkdaşlığın genişləndirilməsi həm tələbələrin peşə hazırlığının gücləndirilməsinə, həm də tədris prosesində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verə bilər. O, əməkdaşlığın müəllim heyəti arasında təcrübə mübadiləsinin təşkili, ixtisasartırma proqramlarının həyata keçirilməsi və s. istiqamətləri əhatə etməsinin məqsədəuyğun olduğunu söyləyib.
Daha sonra BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov və Mühəndislik fakültəsinin dekanı Asif Quliyev çıxış ediblər. Çıxışlarda fakültələrdə tədris olunan ixtisaslar, həyata keçirilən müasir tədris yanaşmaları və praktiki hazırlıq imkanları barədə ətraflı məlumatlar təqdim olunub.
Tədbir BMU tələbələrinin ifasında rəqs nömrəsi ilə davam edib.
Görüşün sonunda tələbələr BMU-nun kampusu, auditoriyaları, laboratoriyaları və sosial infrastrukturu ilə tanış olublar.