Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
Bakı, 25 may, AZƏRTAC
ABŞ ilə İran arasında atəşkəs rejiminin elan edilməsinə və Qətərdə danışıqlara baxmayaraq, ötən gecə ABŞ Hərbi Dəniz Qüvvələri İranın körfəz sahilindəki bir sıra hərbi bazalarını atəşə tutub.
AZƏRTAC xəbər verir ki, İranın 2 dəniz mühafizə gəmisi məhv edilib. Bu xəbər birjalara çatan kimi dünya bazarında neftin qiyməti 1 faizdən çox artıb. Mayın 25-də 96 dollara satılan “Brent” markalı neftin 1 barelinin qiyməti 97,32 dollara yüksəlib.
“Reuters” analitikləri geosiyasi vəziyyətin çox gərgin xarakter daşıdığını və bununla əlaqədar olaraq neftin qiymətinin uzun müddət qeyri-sabit olacağını bildiriblər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin özündə də qiymətlərlə bağlı böyük narazılıq var. Müharibədən əvvəl 1 qallon (3,785 litr) benzinin qiyməti 3,5 dollara satılırdısa, indi bu qiymət 5 dollaradək yüksəlib. Bəzi ştatlarda isə benzinin 1 qallonunun qiyməti 7 dollara çatıb. Məsələ heç də təkcə benzinin bahalaşmasında deyil. Qarşıdan əkin mövsümü gəlir və sahələrdə işləyən kənd təsərrüfatı texnikaları üçün daha çox dizel yanacağı tələb olunur. Bu isə ölkə ərazisində ərzaq mallarının qiymətinin artacağını artıq indidən deməyə əsas verir. Buna görə də ABŞ iqtisadiyyatı da zərər çəkir və buna görə də rəsmi Vaşinqton müharibəni tez, lakin özünə faydalı şərtlərlə başa çatdırmaq istəyir ki, bununla da İran razılaşmır.
Rəsmi Tehran ötən gecə məruz qaldığı raket zərbələrinə ağır cavab verəcəyini bəyan edib ki, bu da müharibənin atəşkəs rejimində olmasına baxmayaraq, davam etdiyini və neftin qiymətinin yenidən yüksəlmə mərhələsinin başladığından xəbər verir.